“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu
Paris, 2 oktyabr, AZƏRTAC
“Paris Fashion Week” çərçivəsində Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “SİMOORG Academy” və Azərbaycanın Dostları Assosiasiyası (ADA) tərəfindən Azərbaycan moda mədəniyyətinə, milli irsinə və müasir yaradıcılığına həsr olunmuş “Fashion Culture Day in Paris” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, səfirliyin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə moda, mədəniyyət və incəsənət nümayəndələri, diplomatlar, dizaynerlər, media və yaradıcı sənaye sahələrinin təmsilçiləri iştirak ediblər.
Tədbirin açılışında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Begən çıxış ediblər.
Səfir Leyla Abdullayeva Azərbaycanın zəngin mədəni irsinin, ənənələrinin və milli estetik dəyərlərinin müasir moda vasitəsilə beynəlxalq auditoriyaya çatdırılmasının əhəmiyyətini vurğulayıb. O, Azərbaycan moda mədəniyyətinin milli irsdən qaynaqlandığını və müasir yaradıcılıqla inkişaf etdiyini qeyd edib. Bildirib ki, bu cür təşəbbüslər Azərbaycanın mədəniyyətinin Paris kimi beynəlxalq moda mərkəzində tanıdılmasına töhfə verir.
Tədbirin əsas məqsədinin Azərbaycanın zəngin moda və mədəniyyət ənənələrini, milli irsini, eləcə də yeni nəsil azərbaycanlı dizaynerlərin yaradıcılığını beynəlxalq auditoriyaya təqdim etmək olduğu bildirilib.
Nümayiş olunan geyimlərdə Azərbaycan mədəniyyətinin mühüm tərkib hissələri olan xalçaçılıq, dekorativ-tətbiqi sənət və milli ornamentlərdən istifadə edilib. Əsrlər boyu formalaşan bu sənət ənənələri müasir dizayn və moda vasitəsilə yeni formada təqdim olunaraq Azərbaycanın zəngin mədəni irsi ilə müasir yaradıcılıq arasındakı əlaqəni nümayiş etdirib.
“SİMOORG Academy”nin təsisçisi və rəhbəri Hədiyə Talıbova akademiyanın yaradılmasının arxasında onun üçün xüsusi şəxsi hekayənin dayandığını bildirib. O, sənətə və yaradıcılığa marağının uşaqlıqdan formalaşdığını, atasının sənət mühitində böyüdüyünü və onun yaradıcılığından ilham aldığını qeyd edib.
H.Talıbovanın sözlərinə görə, “SİMOORG Academy” həm atasının sənət irsini yaşatmaq, həm də yeni istedadlara yol açmaq məqsədilə yaradılıb. Akademiyanın əsas hədəfləri istedadlı azərbaycanlı gəncləri və dizaynerləri dəstəkləmək, onların yaradıcılığını beynəlxalq arenada tanıtmaq, yeni əməkdaşlıq və satış imkanları yaratmaqdır. “İstəyirik ki, gənclərimiz dünya moda sənayesində öz yerini tutsun və Azərbaycanı beynəlxalq səviyyədə təmsil etsin”, – deyə o bildirib.
Tədbir çərçivəsində “SİMOORG Academy”nin gənc dizaynerlərinin hazırladığı kolleksiya nümayiş olunub. Kolleksiyanın əsas ilham mənbəyini müasir Azərbaycan rəssamı Faiq Əhmədin yaradıcılığı təşkil edib. Azərbaycan xalçasının ənənəvi vizual elementləri forma, rəng və siluet vasitəsilə müasir geyimlərdə yenidən şərh olunub.
Təqdimat Azərbaycan xalçasının yalnız dekorativ sənət nümunəsi deyil, həm də milli yaddaşı, estetik dünyagörüşünü və mədəni kimliyi əks etdirən mühüm irs nümunəsi kimi müasir moda ilə əlaqələndirilməsinə imkan yaradıb.
Tədbirdə, həmçinin Azərbaycan dekorativ-tətbiqi sənətinin nümunələri nümayiş etdirilib. Kətan və məxmər üzərində ipək və orqanza lentlərdən, muncuqlardan və gümüş saplardan hazırlanmış əsərlər Azərbaycan sənətkarlarının ənənəvi əl işlərini müasir bədii yanaşma ilə təqdim edib.
Tədbirdə Azərbaycan mədəniyyətinin ənənəvi və müasir elementləri bir araya gətirilib. Milli ornamentlər, xalça motivləri, əl sənəti və müasir moda dili vasitəsilə Azərbaycanın zəngin mədəni irsi beynəlxalq yaradıcı mühitə təqdim olunub.
Qeyd edək ki, 2023-cü ildən fəaliyyət göstərən “SİMOORG Academy” yeni nəsil azərbaycanlı dizaynerlərin yaradıcılıq və peşəkar inkişafını dəstəkləyir. Akademiyanın əsas layihələri sırasında “Phoenix Rebirth Fashion Show”, “Mercedes-Benz Fashion Week Azerbaijan 2026” və “Dream Fest 2026” yer alır.
“Mercedes-Benz Fashion Week Azerbaijan 2026” çərçivəsində “SİMOORG Academy”nin 18 dizaynerinin kolleksiyaları təqdim olunub. Dizaynerlərin işləri “Vogue Italia”, “L’OFFICIEL Latvia” və “ARCHÍDECO” platformalarında da işıqlandırılıb.
“Fashion Culture Day in Paris” tədbiri Azərbaycan mədəniyyətinin, milli irsinin və moda ənənələrinin müasir yaradıcılıq dili ilə beynəlxalq auditoriyaya çatdırılmasına, eyni zamanda yeni nəsil azərbaycanlı dizaynerlərin beynəlxalq moda və yaradıcı sənaye mühitində tanıdılmasına xidmət edir.