ELM VƏ TƏHSİL
“ARXEOLOJİ CƏNNƏTİN” SİRLƏRİ AÇILIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Respublika Elmlər Akademiyasının mütəxəssisləri Lerik rayonu ərazisində arxeoloji qazıntılar apararkən rayonun Büzeyir kəndi yaxınlığında “Bızəy koç” adlandırılan mağarada poleolit dövrünə aid qədim insan yaşayış məskəni aşkar etmişlər. Mağarada 5 arxeoloji təbəqə qeydə alınmışdır. Qazıntılar zamanı aşkar edilən digər Zuvand-2 mağarasında da 3 təbəqə və daş əmək alətləri aşkar edilmişdir.
Lerik rayonunun Blabənd kənd orta məktəbinin biologiya müəllimi Əliheydər Əliyev aşkar etdiyi 43 mağaradan 1300-dən çox müxtəlif əşyalar toplamışdır. Onların içərisində ən maraqlısı ölçü və forma etibarilə insandan fərqli bir neçə kəllə sümüyüdür. Eksponatlar arasında üzərində və içərisində yarpaq rəsmləri olan bir neçə süxur da vardır. Ehtimallara görə belə daşlar vulkanik püsgürmələr nəticəsində milyon illər qabaq yaranıb. Xatırladırıq ki, XIX əsrin sonlarında Fransa səyyahı və arxeoloqu Jak de Morqan arxeoloji qazıntı işləri aparmaq üçün Lerik rayonunda olmuş və bu yerləri “arxeoloji cənnət” adlandırmışdır.