CƏMİYYƏT


Amil Cavadov: Azərbaycandakı dövlət-din münasibətləri unikallığı ilə dünyada örnəkdir

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dövlət-din münasibətlərində də yenidən quruluş prosesi başladı. Milli-mənəvi dəyərlərinə sahib çıxmaqla yanaşı, ictimai-siyasi cəhətdən də sekulyar cəmiyyət modelini nümayiş etdirən ölkəmizdə müstəqilliyin bərpasından sonra dini dəyərlərin sürətlə yayılması təəccüb doğurmadı.

Bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Amil Cavadov AZƏRTAC-a açıqlamasında deyib.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əvvəlində ölkədə mürəkkəb və ziddiyyətli vəziyyətin hökm sürdüyü, bütün sahələrlə yanaşı, dinlə bağlı durumun da ürəkaçan olmadığı bir dövrdə hakimiyyətə qayıtdığını vurğulayan A.Cavadov bildirib ki, respublikamızı belə çətin şəraitdən yalnız yüksək dövlətçilik təcrübəsi olan lider xilas edə bilərdi. Heydər Əliyev dərin biliyi, yüksək bacarığı, mətin iradəsi, böyük idarəçilik təcrübəsi, məqsədyönlü, uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətləri ilə bağlı vəziyyəti düzgün qiymətləndirərək bu sahədə dönüş yarada bildi. Dini sahədəki gərginlik aradan qaldırıldı, radikal qruplaşmaların fəaliyyətinin qarşısı alındı və dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində önəmli tədbirlər həyata keçirildi. Ümummilli Liderin sayəsində ilk dəfə olaraq Azərbaycan xalqı dini və milli bayramlarını heç bir maneə olmadan sərbəst şəkildə qeyd etməyə başladı, zəvvarlar dini və mənəvi ehtiyaclarını ödəmək üçün müqəddəs torpaqlara rahatlıqla getməyə başladılar. Ulu öndər Heydər Əliyevin 1994-cü ilin iyulunda müqəddəs Məkkə və Mədinə şəhərlərinə ümrə ziyarəti də dahi şəxsiyyətin öz dininə və milli-mənəvi dəyərlərinə necə bağlı olduğunu göstərirdi.

“Azərbaycan qısa zamanda bir çox müsəlman təşkilatlarının üzvü seçilərək beynəlxalq səviyyəli simpozium və konfranslara ev sahibliyi etdi. Bütün bunlarla yanaşı, ölkəmizdə ibadət evlərinin tikintisi, təmiri və bərpası da dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə həyata keçirilməyə başlandı. Əlbəttə ki, bütün bunlar Ulu Öndərin xalqa diqqət və qayğısının, milli-mənəvi dəyərlərə hörmət və ehtiramının təzahürü idi”, - deyə A.Cavadov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.