SİYASƏT


Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ermənistanın təxribatları barədə məlumatlandırılıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri səfir Kestutis Yankauskas ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfiri ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafı istiqamətində uğurlar arzulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə Z.Həsənov Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 ildən artıq müddətdə Ermənistanın işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın didərgin düşdüyünü və qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək cəhdlərini qonağın diqqətinə çatdırıb.

Müdafiə nazir bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində dinc sakinlər və hərbi qulluqçuların həyatlarına təhlükə yarandığından münaqişənin həlli yolu onun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq işğalçı qoşunların Azərbaycan ərazilərdən qeyd-şərtsiz çıxarılmasından ibarətdir.

Səfir K.Yankauskas qeyd edib ki, Avropa İttifaqı regionda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin və bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.