İQTİSADİYYAT
Azərbaycan metallurgiya sənayesinin inkişafı üçün geniş imkanlara və perspektivlərə malikdir
Bakı, 2 aprel (AZƏRTAC, Samirə Quliyeva). Ölkəmizdə bol xammal bazasının, təbii resursların, metal tələbatlı sənaye və tikinti sahələrinin, təcrübəli kadr potensialının və əmək ehtiyatlarının olması ağır sənayenin, o cümlədən metallurgiya sənayesinin inkişafı üçün geniş imkanlar açır.
Azərbaycan Texniki Universitetinin (AzTU) metallurgiya və metalşünaslıq kafedrasının müdiri, texnika elmləri doktoru, professor Sübhan Namazov AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, son illər bütün sahələrdə gedən inkişafın məntiqi davamı olaraq 2014-cü il ölkəmizdə “Sənaye ili” elan edilmişdir. Sənayenin ümumi inkişafında metallurgiyanın xüsusi rolunu və əhəmiyyətini nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bu, perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi, əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət yetirilməlidir”.
Göründüyü kimi, dövlətimizin başçısı sənayeləşməni bilavasitə metallurgiya sənayesinin inkişafı ilə bağlayır. Bu istiqamətdə artıq ciddi işlər həyata keçirilməkdədir. Xüsusilə Gəncə şəhərində fəaliyyətə başlamış DET Al İstehsalat Birliyi buna bariz misaldır.
Professor Sübhan Namazov demişdir ki, Azərbaycan regionda ən perspektivli metallurgiya ölkəsidir. Hələ 2001-ci ildə Bakıda istehsal gücü ildə 350 min ton olan müasir “Bakı Polad istehsal şirkəti” (Baku Steel Company) işə salınmışdır. Müasir Azərbaycan metallurgiyasında xüsusi çəkisi olan “Baku Steel Company” MMC Qafqaz regionunda ilk müasir polad əritmə müəssisəsi olaraq bu gün də uğurla fəaliyyət göstərir. Ümummilli liderimiz Heydər Əliyev şirkətin rəsmi açılışı mərasimindəki çıxışında vurğulamışdır ki, metallurgiyanın dirçəldilməsi və inkişafı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması üçün vacib olan dövlət əhəmiyyətli strateji məsələdir. Bu məsələnin həlli üçün respublikamızın dünya ölkələri ilə iqtisadi əlaqələr yaradılmasına imkan verən əlverişli coğrafi mövqeyi, zəngin enerji və material ehtiyatları, 160 ildən çox tarixi olan metallurgiya sənaye təcrübəsi vardır. Xüsusən müasir dövrümüzdə metallurgiyanın inkişafı ardıcıl, elmi cəhətdən əsaslandırılmış siyasətlə aparılır.
Azərbaycanda metallurgiyanın inkişafının tarixi ənənələrindən söz açan digər müsahibimiz - AzTU-nun metallurgiya fakültəsinin dekanı, texnika elmləri namizədi, dosent Aqil Babayev qeyd etmişdir ki, respublikamızın şimal-qərb bölgəsinin dağlıq ərazilərində zəngin filiz yataqlarının mövcudluğu çoxdan məlum idi. Metallurgiyanın ciddi inkişafı isə 1867-ci ildə Siemens qardaşları Daşkəsəndə keyfiyyətli kobalt filizini aşkar etdikdən sonra başlamış və Rusiya imperiyasının ərazisində yeganə olan Daşkəsən kobalt zavodu yaradılmışdı. Zavod 1915-ci ilədək fəaliyyət göstərmiş və yataqdan 615 ton kobalt çıxarılaraq emal olunmuşdu. 1865-1867-ci illərdə “Siemens” mis əritmə sobası işə salınmış, XX əsrin əvvəlinədək bu zavodda ildə 2300 tondan çox mis istehsal edilmişdi. Almaniyanın “Siemens” şirkətinin XIX əsrdə Azərbaycanda kobalt və mis yataqlarının istismarına başlaması təsdiqləyir ki, bölgənin faydalı qazıntı yataqlarının işlənməsinə hələ o vaxt inkişaf etmiş ölkələr ciddi maraq göstərmişlər.
1980-ci illərdə 2500-ə qədər işçisi olan, ildə 1 milyon tondan çox dəmir konsentratı və 900 min tona qədər bentonit gili istehsal edən Azərbaycan Filizsaflaşdırma Kombinatı keçmiş SSRİ məkanında qara metallurgiya sənayesinin ən qabaqcıl müəssisələrindən biri sayılırdı. Bu kombinatda alınan filiz Gürcüstanın Rustavi şəhərindəki metallurgiya zavoduna göndərilirdi. Bu ondan irəli gəlirdi ki, mərkəzi hakimiyyət Azərbaycanda tam tsikl metallurgiya kompleksinin yaranmasını istəmirdi.
Hazırda Azərbaycanda metallurgiya sənayesinin daha böyük perspektivləri vardır. Bu da öz növbəsində digər sənaye sahələrinin - maşınqayırma, cihazqayırma, avtomobilqayırma, energetika, məişət texnikası sənayesinin inkişafı üçün də ilkin şərt və əsas amildir. Müsahiblərimiz vurğulayırlar ki, qara metallurgiya qeyri-neft sektorunun strateji sahələrindən biri sayılır. Bu sahənin müasir texnologiyaların tətbiqi ilə inkişaf etdirilməsi, dünya bazarına rəqabət qabiliyyətli məhsullar çıxara bilən yeni müəssisələrin yaradılması olduqca vacibdir.
A.Babayevin fikrincə, Azərbaycanda həm qara, həm də əlvan metallurgiyanın inkişafı üçün çox yaxşı imkanlar vardır. Xüsusən ən iri qara metallurgiya mərkəzləri olan Bakı, Sumqayıt, Gəncə və Daşkəsən bu sahədə geniş potensiala malikdir. Əlvan metallurgiyaya gəlincə, Daşkəsən böyük alunit, Naxçıvan Muxtar Respublikası volfram, molibden, qurğuşun-sink, Kəlbəcər, Laçın, Göygöl, Tovuz, Gədəbəy rayonları qızıl və mis yataqları ilə zəngindir.
Beləliklə, göründüyü kimi, metallurgiyanın inkişafı ölkə iqtisadiyyatı, sənayesi üçün müstəsna əhəmiyyətə malikdir. Bu gün müstəqil dövlət kimi, bizim öz sərvətlərimizdən yetərincə bəhrələnmək, sənaye məhsullarını dünya bazarına çıxarmaq imkanlarımız tam realdır. “Sənaye ili”nin əsas hədəfi də məhz budur. Qətiyyətlə demək olar ki, Azərbaycan metallurqları “Sənaye ili” çərçivəsində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirəcək, ölkə sənayesinin inkişafına layiqli töhfələr verəcəklər.