İQTİSADİYYAT


Azərbaycanda ilk Maliyyə Texnologiyaları və Blokçeyn Forumu keçiriləcək

Bakı, 8 may, AZƏRTAC

Mayın 17-18-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik” mövzusunda forum keçiriləcək.

ABA-dan AZƏRTAC-a verilən məlumata görə, forum maliyyə texnologiyaları, blokçeyn, kriptovalyuta və digər yeniliklərin, həmçinin əlaqədar təhlükəsizlik məsələlərinə dair cari və gələcək tendensiyaların müzakirə edilməsini nəzərdə tutur. Məqsəd maraqlı tərəflərin bu yeniliklər barədə geniş məlumatlandırılması, maliyyə qurumları və digər təşkilatların innovasiyalara dair vizyonunun formalaşdırılmasına dəstək və yeni texnologiyaların cari fəaliyyətlərində tətbiqi imkanlarının araşdırılmasıdır.

Üç paneldən ibarət olan forumda blokçeyn və kriptovalyutalar sahəsində Avropa və ABŞ trendləri, yeni imkanlar və yeni risklər, bank sektorunda süni intellektin tətbiqi, məlumatların təsnifləşdirilməsi və mühafizəsi, rəqəmsallaşmada təhlükəsizlik məsələləri, ATM və ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı mövzular və xarici ölkələrin təcrübəsi əhatə olunacaq.

Maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbər nümayəndələri, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin, akademik dairələrin forumda iştirakı gözlənilir.

Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.