DÜNYA
G7 ölkələri nazirlərinın qəbul etdiyi bəyanatda terrorizm və ekstremizmlə mübarizənın əhəmiyyəti vurğulanıb
Tokio, 12 aprel, AZƏRTAC
“Böyük yeddilik” ölkələrinin xarici işlər nazirlərinin aprelin 10-da və 11-də Hiroşimada keçirilən görüşünün nəticəsi olaraq qəbul edilən bəyanatda terrorizm və ekstremizmlə mübarizənin gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
İki gün davam etmiş müzakirələrə yekun vuran nazirlər bütün dünya liderlərini və adi vətəndaşları atom hücumuna məruz qalmış Hiroşima və Naqasaki şəhərlərini ziyarət etməyə çağırıblar.
Müzakirələrin nəticəsi olaraq qəbul edilən sənəddə əsas diqqət nüvə silahının ləğvi və onun yayılmasının qarşısının alınmasına yönəldilib.
Bəyanatda qeyd edilir ki, bu iki yapon şəhərinin atom bombardmanına məruz qalması nəticəsində burada yaşayan insanlar böyük iztiraba məruz qalıblar.
Sənəddə “Böyük yeddilik” ölkələrinin xarici işlər nazirlərinin Hiroşimada keçirilən görüşü tarixi addım adlandırılır. Nüvə silahının olmadığı dünyanın yaradılması əsas məqsəd kimi ifadə olunur.
Nazirlər öz bəyanatlarında bütün ölkələri nüvə silahına malik olan dövlətlərlə bu silahın olmadığı dövlətlər arasında dialoqun inkişaf etdirilməsi təşəbbüsü üzərində birgə çalışmağa çağırırlar.
Sənəddə nüvə silahına malik olan “Böyük yeddilik” ölkələrinin bu sahədə şəffaflığı artırmaq barədə təşəbbüsü alqışlanır və həmin silaha malik olan digər ölkələr də bu nümunədən faydalanmağa dəvət olunur. Bu müraciətin ilk növbədə malik olduğu nüvə başlıqlarının sayını gizli saxlayan Çinə ünvanlandığı vurğulanır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio