SİYASƏT
MİLLİ MƏCLİSİN İCLASINDA MÜHÜM QANUNLAR QƏBUL EDİLMİŞDİR
Milli Məclisin martın 28-də keçirilmiş iclasında spiker Murtuz Ələsgərov martın 5-də təkrar seçkilərdə deputat seçilmiş Alqış Musayev, Şadman Hüseyn və Qüdrət Həsənquliyevi təbrik etdi və onlara Milli Məclisdə qanun yaradıcılığı işində uğurlar arzuladı.
Sonra “Sərnişinlərin icbari sığortası haqqında” Qanun layihəsinin müzaşirəsi başlandı. İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov dedi ki, bu qanun əhalinin sosial müdafiəsinə əlavə təminat olaraq hava, dəmir yolu, dəniz və avtomobil nəqliyyatı vasitələrindən istifadə etdikləri, habelə aeroportda, dəmir yolu, dəniz və avtobus vağzallarında olduqları zaman baş vermiş hadisələr nəticəsində sərnişinlərə onların ölümü ilə və ya səhhətinə zərər vurulması ilə əlaqədar sığorta təminatının verilməsi qaydalarını müəyyən edir.
Nəqliyyat vasitəsindən istifadə etməklə sərnişin daşınması zamanı, habelə dayanacaqda olduğu dövrdə aeroportun və vağzalın ərazisində nəqliyyat vasitəsinin istismarı və ya digər bədbəxt hadisə nəticəsində sərnişinin həyatına, yaxud səhhətinə zərərin vurulması sığorta hadisəsi sayılır. Sərnişinin özünə qəsd etməsi, nəqliyyat vasitələrindən istifadə qaydalarına riayət etməməsi, cinayət tərkibli hadisə törətməsi, sərxoş vəziyyətdə hərəkəti zamanı törətdiyi qəza sığorta hadisəsi sayılmır.
Sığorta müqaviləsi sərnişin daşımaq hüququna malik olan hüquqi və fiziki şəxslər ilə sığorta şirkətləri arasında bir il müddətinə bağlanır.
Sığorta məbləği hər sığorta olunan üçün on milyon manat məbləğində müəyyən edilir və sığorta haqqı hava nəqliyyatında biletin dəyərinin 1 faizi, dəmir yolu, dəniz və avtomobil nəqliyyatında biletin dəyərinin 1,5 faizi miqdarında müəyyən olunur. Sığorta hadisəsi zamanı ödəniş ölümə görə 100 faiz, I qrup əlilliyə görə 80 faiz, II qrup əlilliyə görə 60 faiz, III qrup əlilliyə görə 40 faiz, ağır xəsarətə görə 30 faiz, yüngül xəsarətə görə 20 faiz müəyyən olunub.
Deputatların irad və təklifləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilmişdir.
Sonra isə regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralov “Bələdiyyələrin vergi xidməti orqanları haqqında” Əsasnamə ilə bağlı məlumat verdi. O dedi ki, bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanları ilə yerli vergilərin və ödənişlərin tədiyyəçiləri arasında qarşılıqlı münasibətləri tənzimləyir. Bələdiyyələrin vergi xidməti orqanları öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Vergi Məcəlləsini, büdcə sistemi haqqında qanunları, digər normativ aktları, eləcə də bu Əsasnaməni rəhbər tuturlar.
Əsasnamə birinci oxunuşda təsdiq edildikdən sonra sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəblinin təqdimatı ilə “Körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının müdafiəsi haqqında” Qanun layihəsi müzakirə edilərək qəbul olunmuşdur.