DÜNYA


Misir təbii qaz hasilatını rekord səviyyəyə çatdırıb

Qahirə, 21 sentyabr, AZƏRTAC

Misirdə təbii qazın hasilatı rekord həddə çatıb, sentyabrda gündəlik orta hesabla 7,2 milyard kubfut qaz çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Neft və Mineral Ehtiyatlar naziri Tarık əl Molla deyib. Nazir ölkənin qaz sənayesinin sürətlə inkişaf etdiyini bildirib. Xatırladıb ki, ötən ilin sentyabrın sonundan etibarən qaz hasilatı və istehlak baxımından Misir özünü tam təmin etməyə başlayıb. O, qaz hasilatının çoxalmasını və ölkənin özünü “mavi yanacaq”la təmin etməsini Aralıq dənizindəki qaz yataqlarından hasilatının çoxalması hesabına baş verdiyini deyib.

Nazir, həmçinin bildirib ki, növbəti mərhələdə qazın xaricə ixracı üzrə addım atılacaq. Çünki Misir energetika sahəsində iri regional oyunçu olmaq niyyətindədir. O deyib ki, bu ilin sonunda Misir beynəlxalq şirkətlərlə qazın kəşfiyyatı sahəsinə dair 7 yeni müqavilə imzalayacaq.

Vurğulayıb ki, 2018-2019-cu maliyyə ilində 15 yeni qaz yatağı açılıb. Onlardan 5-i Aralıq dənizində, 10-u isə Qərbi Saxaradadır. O, yeni açılan yataqlardan təbii qaz istehsalının 2018-2019-cu maliyyə ilində ümumi hasilatın 21 faiz artmasına səbəb olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, cari maliyyə ilində (2019-2020-ci illər) də hasilatın artımı davam edir.

Qeyd edək ki, bu ilin fevralında qaz yataqlarının kəşfiyyatına dair elan olunan tenderdə Misirin “EGAZ” milli qaz holdinqi bir sıra beynəlxalq şirkətlərə qazın kəşfiyyatı üçün Aralıq dənizində və Nilin deltasında 5 yeni ərazi təqdim edib.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.