RƏSMİ XRONİKA


Prezident İlham Əliyev “Smart Africa” Təşəbbüsünün icraçı direktorunu qəbul edib  YENİLƏNİB VİDEO

Bakı, 1 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də “Smart Africa” Təşəbbüsünün icraçı direktoru Hamadoun Toureni qəbul edib.

AZƏRTAC xəbər verir ki, Hamadoun Toure sonuncu dəfə 2014-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi olarkən “Bakutel” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak etmək üçün ölkəmizə səfərini məmnunluqla xatırladı. 22 Afrika ölkəsinin üzv olduğu və 12 Afrika ölkəsinin dövlət başçısının idarə heyətinə daxil olduğu “Smart Africa” Təşəbbüsü və onun fəaliyyəti haqqında məlumat verən Hamadoun Toure Təşəbbüsün Afrika qitəsi üçün vahid rəqəmsal platformanın yaradılması işində vacib rol oynadığını, işlərin artıq yaxşı nəticələr verdiyini, həmçinin layihələrdə peyk texnologiyalarının tətbiqi istiqamətində “Azərkosmos” ASC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə “Smart Africa” Təşəbbüsü arasında gələcək əməkdaşlığı dəstəklədiyini və bu sahədə istiqamətlərin müəyyənləşdirilməsinin önəmini vurğuladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin