Respublika Müalicəvi Diaqnostika Mərkəzi “MilliNet 2018” yarışında uğur qazanıb
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycanın peşəkar internet mükafatı yarışı olan Milli İnternet Mükafatının - “MilliNet 2018” qaliblərinin təqdimat mərasimi keçirilib. “MilliNet 2018”də 19 nominasiya üzrə təqdim olunan 406 internet resursundan 300-ü yarışa buraxılıb. Səsvermədə Azərbaycan İnternet Forumu tərəfindən seçilmiş 21 peşəkar münsiflər heyəti iştirak edib. Münsiflər heyətinin və ekspertlərin rəyinə görə, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “YouTube” kanalı ölkənin altı ən yaxşı “YouTube” kanalından biri, rəsmi saytı isə “Ailə, uşaq və sağlamlıq saytı” nominasiyası üzrə ikinci olub.
RMDM-dən AZƏRTAC-a bildiriblər ki, RMDM-in ictiaiyyətlə əlaqələr və marketinq üzrə mütəxəssisi Səadət Hənifəyevaya diplom və müxtəlif dəyərli hədiyyələr təqdim edilib.
Münsiflər heyəti ikinci səsvermə prosesində 105 nominant arasından ən yaxşılarını seçdiyini bildirib, qiymətləndirmənin kontent, dizayn və texnoloji cəhətlərə görə aparıldığını vurğulayıblar.
Qeyd edək ki, Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən “MilliNet”in keçirilməsində məqsəd ölkəmizdə internetin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxarmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və ana dilimizin internetdə tətbiqini genişləndirməkdən ibarətdir.