İDMAN
Rusiyanın “NTV plyus” telekanalı birinci Avropa Oyunları ilə bağlı reportaj yayımlayıb VİDEO
Bakı, 10 aprel, AZƏRTAC
Rusiyanın “NTV plyus” telekanalında bu il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycan paytaxtında bu möhtəşəm tədbirə hazırlıq işlərindən bəhs olunur. Telekanalın müxbiri Bakıda keçiriləcək Avropa Oyunlarını əsas olimpiya oyunları ilə müqayisə edir və bildirir ki, dünya miqyaslı idman yarışlarına hazırlıq üçün ölkəyə 7 il vaxt verilsə də Bakı istisna olaraq oyunlara hazırlığı 3 ilə başa çatdırdı.
Reportajda yeni tikilən idman obyektləri barədə də məlumat verilir. Bildirilir ki, oyunların keçirilməsi üçün nəzərdə tutulan 18 idman obyektində bütün işlər artıq yekunlaşıb. Süjetdə Bakı Atıcılıq Mərkəzinin Avropa Oyunlarına 100 faiz hazır olduğu qeyd olunur, Mingəçevirdəki “Kür” Avarçəkmə İdman Mərkəzi haqqında ətraflı danışılır.
Müəllif sonda birinci Avropa Oyunlarının kifayət qədər geniş miqyaslı idman tədbiri olduğunu xüsusi vurğulayır.