Sumqayıtda şəhid Adil İbrahimlinin xatirəsinə bulaq istifadəyə verilib
Sumqayıt, 10 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, şəhid Adil İbrahimlinin xatirəsinə bulaq tikilib istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bulaq şəhidin dostları tərəfindən onun yaşadığı ərazidə tikilib.
Adil Asəm oğlu İbrahimli 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib.
Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. İkinci Fəxri xiyabanda dəfn edilib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.