"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub
Bakı, 7 iyun, AZƏRTAC
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində milli kinomuzla bağlı silsilə təqdimatlar olub.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, “Aşqabad” Kinoteatrında “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş etdirilib.
Film Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illik yubileyi ilə bağlı nazirliyin sifarişi əsasında 2025-ci ildə istehsal olunub.
Ekran əsərinin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərovdur.
Azərbaycan təsviri sənətində dəzgah (panel) rəssamlığının əsasını qoymuş Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından bəhs edən filmdə qədim İrəvan şəhərinin tarixi və mədəni irsi də diqqətə çatdırılır. Burada İrəvan ziyalılarının mədəni mirası və azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası da tarixi faktlar və arxiv materialları əsasında işıqlandırılır.