İQTİSADİYYAT
“Suraxanı Maşınqayırma Zavodu”nun Müşahidə Şurasının ilk iclası olub
Bakı, 29 dekabr, AZƏRTAC
Nəzarət səhm zərfi tamamilə dövlətə məxsus olan “Suraxanı Maşınqayırma Zavodu” ASC-də Ümumi Yığıncağın səlahiyyətlərini həyata keçirən Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq sərəncamı ilə zavodun nizamnaməsinə bir sıra dəyişikliklər edilib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, Cəmiyyətin sədrinin səlahiyyətləri kollegial icra orqanı olan İdarə Heyətinə ötürülüb, habelə müəssisəyə ümumi rəhbərliyi həyata keçirən Müşahidə Şurası institutu yaradılıb.
Məqsəd dövlət əmlakının səmərəli istifadə olunması, qərarların kollegial olaraq qəbul edilməsi, fəaliyyətə edilən nəzarətin təkmilləşdirilməsidir.
“Suraxanı Maşınqayırma Zavodu” ASC-nin Müşahidə Şurasının ilk iclasında Cəmiyyətin yeni idarəetmə strukturu, idarəetmə orqanlarının səlahiyyət bölgüləri və vəzifələri, korporativ idarəetmə sahəsindəki müasir çağırışlar, müəssisənin səmərəli fəaliyyətinin təşkili üçün atılacaq addımlar geniş müzakirə edilib. İclas başa çatdıqdan sonra zavodun istehsalat sahəsinə, texnoloji parkına və hazır məhsullarına birlikdə baxış keçirilib.