SİYASƏT
Ulu Öndərin zəngin həyat yolu yenilməz siyasi iradənin, xalqa, Vətənə sonsuz məhəbbətin təcəssümüdür
Bakı, 12 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Ulu öndər Heydər Əliyev o nadir şəxsiyyətlərdəndir ki, hələ sağlığında xalqının qəlbində özünə möhtəşəm abidə ucaldaraq canlı əfsanəyə çevrilmişdi.
Ümummilli Liderin vəfatının 11-ci ildönümü günündə onun məzarını ziyarət etməyə axışan insan seli arasında paytaxt sakini, pensiyaçı Sara Vəliyeva da var idi. Ulu Öndərin zəngin həyat yolunun hər kəsə nəsib olmayan yenilməz siyasi iradənin, xalqına, Vətəninə sonsuz məhəbbətin təcəssümü olduğunu bildirən S.Vəliyeva onun məzarını ziyarət etməsini dahi rəhbərə sonsuz sevgisi ilə əlaqələndirərək dedi: “Yaşımın çox olmasına baxmayaraq, çalışıram ki, hər il dekabrın 12-də - Heydər Əliyevin vəfatı günündə Fəxri xiyabana gəlib dahi şəxsiyyətin məzarını ziyarət edim. Bunu özümə vətəndaşlıq borcu hesab edirəm. Bu gün ziyarətə gələn gəncləri görəndə ürəyim dağa dönür. Sevinirəm ki, gənc nəsil öz Ulu Öndərini unutmayıb, onun xatirəsini daim əziz tutur. Heydər Əliyev bugünkü müasir müstəqil Azərbaycanı qurub-yaratdı və bizə ərməğan qoyub getdi. Biz də bu dövləti göz bəbəyimiz kimi qorumalı, Ulu Öndərin bu günümüz və sabahımız üçün gördüyü işləri daim xatırlamalıyıq. Nə qədər ki, canımda can var, hər il bu böyük şəxsiyyətin məzarını ziyarət edəcək, Ulu Tanrıdan ona rəhmət diləyəcəyəm”.