Abbasqulu Ağa Bakıxanovun şəxsi möhürünün saxlanıldığı muzey
Quba, 19 fevral, Elxan Yusifli, AZƏRTAC
Görkəmli yazıçı, alim və ictimai xadim Abbasqulu Ağa Bakıxanovun bir sıra şəxsi əşyaları Quba rayonunun Amsar kəndindəki ev-muzeyində qorunub saxlanılır.
AZƏRTAC xəbər verir ki, 16 ildir fəaliyyət göstərən muzeydə A.A.Bakıxanovun bəzi əlyazmaları, əsərlərindən ibarət kitablar toplusu və xalçalar mühafizə olunur. Ziyarətçilər burada görkəmli yazıçının şəxsi möhürünü də görə bilərlər. Bu möhür şəxsi əşyalar arasında ziyarətçilərin ən çox diqqətini çəkən eksponatdır. Muzeyi ötən il 800-ə yaxın şəxs ziyarət edib.
1794-cü ildə Bakı şəhəri yaxınlığındakı Əmircan kəndində anadan olan A.A.Bakıxanov sonradan Qubanın Amsar kəndinə köçüb. 1819-cu ilədək burada yaşayan görkəmli yazıçı “Gülüstani-İrəm” əsərini də məhz Qubada qələmə alıb. Bununla yanaşı, o, Qubada “Gülüstan” adlı elmi-ədəbi məclisin əsas təşkilatçılarından biri olub. A.A.Bakıxanovun Amsar kəndindəki ev-muzeyində həmin məclisin fəaliyyətini əks etdirən bəzi sənədlər də qorunub saxlanılır.
Buradakı bəzi eksponatlar Quba Tarix-Diyarşünaslıq Muzeyində Abbasqulu Ağa Bakıxanova həsr olunan guşədə nümayiş etdiriləcək.