ABŞ AZƏRBAYCANDA AQRAR SAHƏDƏ HƏYATA KEÇİRİLƏN İSLAHATLARI DƏSTƏKLƏYİR
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 8-də nazir İsmət Abasov ölkəmizdə səfərdə olan ABŞ nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə ABŞ ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılmışdır.
İsmət Abasov təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi aqrar islahatlar nəticəsində əldə olunmuş nailiyyətlər, aqrar sahənin inkişafı üçün imzalanmış fərman və sərəncamlar barədə ətraflı məlumat vermişdir. Nazir ölkəmizdə aqrar sahənin inkişafının prioritet kimi qarşıya məqsəd qoyulduğunu və bu istiqamətdə islahatların həyata keçirilməsində bir sıra dövlətlər və beynəlxalq maliyyə qurumları ilə yanaşı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə yaxından əməkdaşlıq edildiyini diqqətə çatdırmışdır.
İ.Abasov USAİD-in respublikamızda humanitar yardım, yoxsulluğun azaldılması, ictimai maarifləndirmə, özəl sektorda aqrar sahənin inkişafına yönəlmiş layihələrinin nəticələrini yüksək qiymətləndirmiş və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulamışdır.
USAİD-in administratorunun Avropa və Avrasiya ölkələri üzrə müavini Duqls Menarçik Azərbaycanda aqrar sahənin inkişafına xüsusi diqqət yetirilməsini, dinamik iqtisadi inkişafı yüksək qiymətləndirmişdir. O, aqrar sahədə birgə layihələrin həyata keçirilməsi üçün ABŞ hökumətinin lazımi kömək göstərəcəyini demişdir.
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiyaya yardım məsələləri üzrə əlaqələndiricisi Tomas Adams, Avropa və Orta Şərq üzrə Ticarət Məsələləri İdarəsinin direktoru Poll Börkhed aqrar islahatların əhəmiyyətindən danışaraq KTN tərəfindən prioritet hesab edilən layihələrin həyata keçirilməsində əməkdaşlığa hazır olduqlarını bildirmişlər.
Nazir İ.Abasov kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, üzvi kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, aqrar sahədə alternativ enerji mənbələrindən istifadə, ətraf mühitin qorunmasına və qida məhsullarının keyfiyyətinə nəzarət xidmətinin yaradılması sahələrində böyük təcrübəsi olan ABŞ ilə əməkdaşlıq üçün geniş potensial olduğunu bildirmişdir. Nazir həmçinin kənd yerlərində kiçik həcmli ət, süd və meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması, emal sənayesi üçün qablaşdırıcı materiallar hazırlayan istehsal sahələrinin qurulması, məhsulların tədarükü üzrə topdansatış bazarlarının təşkili sahələrində ikitərəfli əməkdaşlıq üçün böyük imkanları qeyd etmişdir.