Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib
Lənkəran, 11 iyun, AZƏRTAC
Lənkəran şəhərində Heydər Əliyev Xatirə Parkında Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən güləş festivalı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, güləşin təbliği və təşviqi, sağlam həyat tərzinin aşılanması, uşaqların və gənclərin idmana marağının artırılması məqsədilə təşkil olunan tədbirdə AGF-nin baş katibi Pərvin Piriyey, baş katibin müavini Aydan Məmmədhəsənova, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, AGF-nin vitse-prezidenti Namiq Abdullayev, tanınmış idmançılar və digər rəsmi şəxslər iştirak ediblər.
Festival çərçivəsində açıq havada qurulmuş güləş xalçasında Cənub bölgəsinin yeniyetmə və gənc güləşçiləri üçün ustad dərsləri təşkil olunub. Təcrübəli məşqçilər və tanınmış güləşçilər iştirakçılarla görüşərək öz bilik və bacarıqlarını bölüşüb, müxtəlif texniki fəndlərin icrasını nümayiş etdiriblər. Gənc idmançılar ustad dərslərində fəal iştirak edərək peşəkarların tövsiyələrindən yararlanıblar.
Tədbir çərçivəsində iştirakçılar üçün maraqlı idman-əyləncə proqramları da təşkil olunub. Müxtəlif yarışlar və müsabiqələr keçirilib, uşaqlar üçün “faceart” zonası fəaliyyət göstərib. Festival iştirakçıları məşhur güləşçilərlə görüşmək, onlardan avtoqraf almaq və xatirə şəkilləri çəkdirmək imkanı əldə ediblər.
Böyük maraqla qarşılanan festival güləş idman növünün daha geniş auditoriyaya tanıdılması, sağlam həyat tərzinin təşviqi və regionlarda idman fəallığının artırılması baxımından əhəmiyyətli tədbir kimi qiymətləndirilib.
Müxbir - İlkin Adıyev