SİYASƏT
ABŞ GENERALI BRAUN TARBET: TƏLİMLƏR ÇOX YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL OLUNMUŞDUR
Bakı, 24 aprel ( AZƏRTAC). Aprelin 24-də Müdafiə Nazirliyinin təlim mərkəzində NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində “Regional cavab-2009” təlim-məşq toplantısı keçirilmişdir.
Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Ann Ders, Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri və digər yüksək rütbəli hərbçilər müşahidəçi qismində iştirak etmişlər.
Təlimlərin məqsəd və məramını açıqlayan ABŞ-ın Yuta ştatı Milli Qvardiyasının komandanı, general Braun Tarbet bildirmişdir ki, bu cür təlimlər sülhməramlı əməliyyatların keyfiyyətinin yaxşılaşdırılmasına töhfəsini verəcəkdir.
ABŞ generalı Azərbaycan Silahlı Qüvvələrinin yüksək səviyyədə təmsil olunduğu təlimlərin çox mükəmməl təşkil edildiyini söyləmişdir. O demişdir: “Bu, həm də əməliyyatda iştirak edən hərbi qüvvələrin və əsgərlərin təlim mübadiləsidir. Azərbaycan və ABŞ hərbçiləri batalyon və manqa səviyyəsində inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərirlər”.
Qonaqlar, həmçinin təlim qərargahı və mərkəzi, habelə əsgər və zabitlərin məişət şəraiti ilə tanış olmuş, Azərbaycan və ABŞ hərbi qulluqçularının birgə keçirdikləri təlim prosesini yaxından izləmişlər.
######