SİYASƏT
ABŞ-ın Men ştatında Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı çağırışın yer aldığı qətnamə layihəsinin arxasında erməni diasporu dayanır
Bakı, 11 aprel (AZƏRTAC). ABŞ-ın Men ştatında Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına dair çağırışın yer aldığı qətnamənin qəbulunun arxasında erməni diasporu dayanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiya Baş nazirinin müavini, xarici işlər və Avropa işləri naziri Miroslav Layçak ilə birgə keçirdiyi mətbuat konfransında demişdir.
E.Məmmədyarov bu çağırışın hər hansı nəticə verəcəyinə inanmadığını vurğulamışdır. Qeyd edilmişdir ki, bu addım ancaq sülh prosesinə zərbə vura bilər. Bu işlərin arxasında ABŞ-dakı erməni diasporu dayanır. Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün səslənən bu çağırışlar münaqişənin nizamlanmasına kömək edə bilməz. Onlar bu cür addımlarla belə təsəvvür yaratmağa çalışırlar ki, sanki kimsə Dağlıq Qarabağın müstəqilliyini tanımaq istəyir.