İDMAN
Baş məşqçi: İnanıram ki, basketbolçularımız Paris Olimpiadasında daha fərqli oynayacaqlar
Bakı, 2 iyun, AZƏRTAC
"Bu yarış üçün fiziki hazırlıq üzərində çox işlədik. Bu da oyunlarda öz təsirini göstərir".
AZƏRTAC xəbər verir ki, bu sözləri 3×3 basketbol üzrə Azərbaycan millisinin baş məşqçisi Raşa Deliç Dünya Qadın Seriyasının Qəbələ mərhələsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis yığmanın heyətində zədəli basketbolçuların olmasının komandaya çətinlik törətdiyini bildirib: "Turnirdə zədəli basketbolçumuz var idi. Dina Ulyanova zədələndikdən sonra vəziyyət daha da qəlizləşdi. Açığı, bu turnirin "Paris-2024" Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıdığını demək olmaz. Gələn həftə Priştinada Avropa Kuboku keçiriləcək. Sonra bizi daha bir qadın seriyası gözləyir. Ardınca Serbiyanın Novi Sad şəhərində təlim-məşq prosesində iştirak edəcəyik. Bununla da Parisə hazırlıqlarımız başlayacaq".
O, zədəli oyunçuların vəziyyətindən də bəhs edib: "Aleksandranın zədəsi ciddi deyil. Biz, sadəcə olaraq risk etmək istəmədik. Dinaya gəlincə isə vəziyyətin nə yerdə olduğunu dəqiq bilmirəm. Ümid edirəm ki, zədəsi ciddi deyil. Sadəcə, ayağı burxulub. Bir neçə günə sağalacağını düşünürəm".
Baş məşqçi millinin Qəbələ mərhələsindəki çıxışına da toxunub: "Turnirə ciddi hazırlaşmışdıq. Ağır məşqlər keçdik. Amma basketbolçularımız Olimpiada yaxınlaşdıqca tamam başqa formada olacaqlar. İnanıram ki, onlardan daha fərqli oyunlar izləyəcəyik".
Qeyd edək ki, Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə iyunun 3-də yekun vurulacaq.