DÜNYA
ABŞ Konqresi Ukraynaya 39,8 milyard dollar əlavə yardım ayrılmasını dəstəkləyib
![ABŞ Konqresi Ukraynaya 39,8 milyard dollar əlavə yardım ayrılmasını dəstəkləyib](/files/2022/2/1200x630/16522562243646429965_1200x630.jpg)
Bakı, 11 may, AZƏRTAC
ABŞ Konqresinin Nümayəndələr Palatası mayın 10-da Ukraynaya 39,8 milyard dollar həcmində əlavə yardımın ayrılması barədə sənədi təsdiqləyib.
AZƏRTAC ABŞ mediasına istinadla xəbər verir ki, 368 konqresmen layihənin lehinə, 57-si isə əleyhinə səs verib. Sənəd bundan sonra müzakirə olunması üçün Senata göndəriləcək. Senatda demokratik çoxluğun lideri Çak Şumer təşəbbüs barədə səsverməni tezliklə təşkil edəcəyini bildirib. Sənəd Parlamentin yuxarı palatasında da təsdiqlənəcəyi təqdirdə imzalanması üçün ABŞ Prezidenti Cozef Baydenə yönəldiləcək.
Qanun layihəsi Kiyevə hərbi, iqtisadi və humanitar yardım göstərilməsi üçün vəsaitin ayrılmasını nəzərdə tutur. Silah və sursat yardımı üçün 6 milyard dollar, iqtisadi yardım və ictimai xidmətlərin işini maliyyələşdirmək üçün 8,7 milyard dollar, Ukraynaya və dünyanın digər ölkələrinə ərzaq yardımı üçün 5 milyard dollar, ukraynalı qaçqınlara dəstək üçün 900 milyon dollar ayrılması nəzərdə tutulur. Bundan başqa Avropadakı ABŞ qoşunlarının gücləndirilməsinə də 3,9 milyard dollar yönəldiləcək.
“Qanun layihəsinə daxil edilən əlavə resurslar bizə Ukraynaya daha çox silah-sursat, o cümlədən artilleriya və zirehli texnika göndərməyə imkan verəcək. Bu, həmçinin arsenalımızı artırmağa və NATO ərazisindəki ABŞ qoşunlarını dəstəkləməyə kömək edəcək”, - deyə ABŞ prezidentinin mətbuat katibi Cen Psakinin bəyanatında bildirilir.
Bir müddət öncə ABŞ Prezidenti Cozef Bayden Ukraynaya əlavə maliyyə dəstəyi ayrılması barədə Konqresə sorğu göndərib. Birləşmiş Ştatların lideri yaxın günlərdə müvafiq qanun layihəsini imzalamaq üçün qanunvericiləri sənədi dərhal təsdiq etməyə çağırıb, əks halda, Konqresin ayırdığı əvvəlki resurslarının tükənək üzrə olduğu və tezliklə Kiyevə yardımların dayana biləcəyi barədə xəbərdarlıq edib.
ABŞ prezidenti Kiyevə əlavə 33 milyard dollar yardım istədiyi halda Konqres bu məbləği demək olar ki, 40 milyard dollara qədər artırıb, hərbi texnika və ərzaq yardımı üçün daha çox vəsait ayrılmasını təklif edib. Həmçinin mayın 9-da Cozef Bayden Kiyevə hərbi yardım göstərilməsi prosesini asanlaşdırmaq məqsədilə “lend-liz” qanununu imzalayıb. Konqresin saytında dərc olunan sənədə əsasən, bu qanun ABŞ administrasiyasına 2023-cü maliyyə ili ərzində Ukraynaya və Şərqi Avropanın digər ölkələrinə hərbi texnika çatdırmaq hüququ verir.