SİYASƏT
ABŞ Konqresinin nümayəndə heyəti Azərbaycan Diplomatik Akademiyası ilə tanış olmuşdur
Bakı, 16 avqust (AZƏRTAC). Azərbaycanda səfərdə olan ABŞ Konqresinin doqquz nəfərlik nümayəndə heyəti Azərbaycan Diplomatik Akademiyasına (ADA) baş çəkmişdir.
ADA-nın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, Konqresdə Pensilvaniya, Cənubi Karolina, Kaliforniya, Tenessi, Texas, Corciya, Miçiqan və Nyu York ştatlarını təmsil edən aparat rəhbərləri Azərbaycan Diplomatik Akademiyasının yeni kampusu ilə tanış olduqdan sonra akademiyanın professor və idarə heyəti ilə görüşmüşlər.
ADA-nın yaranma tarixi, strukturu, missiyası, təklif etdiyi proqram və ixtisaslar barədə məlumatlandırılan amerikalı qonaqlara daha sonra akademiyadakı tələbə həyatı və tələbələrin asudə vaxtlarının planlaşdırılması haqqında məlumat verilmişdir.
Akademiyanın dünyanın bir çox universitetləri, xüsusilə də ABŞ-ın ali təhsil ocaqları ilə yaxından əməkdaşlıq etdiyini vurğulayan icraçı prorektor Fariz İsmayılzadə, gələcəkdə bu tipli əlaqələrin genişləndiriləcəyini bildirmişdir.