SİYASƏT
ABŞ VƏ TÜRKİYƏ EKSPERTLƏRİ KÜRDÜSTAN İŞÇİ PARTİYASININ ŞİMALİ İRAQDAN SIXIŞDIRILIB ÇIXARILMASINA DAİR BİRGƏ PLAN HAZIRLAMIŞLAR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə bildirilir ki, ABŞ və Türkiyə ekspertlərinin nümayəndə heyətləri Ankaranın qanundankənar elan etdiyi Kürdüstan İşçi Partiyasının (KİP-KADEK) silahlı birləşmələrinin Şimali İraqdan sıxışdırılıb çıxarılmasına dair birgə plan hazırlamışlar. Bu məsələyə dair danışıqlar Türkiyə paytaxtında aparılmışdır. Pentaqonun və MKİ-nin mütəxəssislərindən ibarət ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin yüksək vəzifəli məmuru xanım Linn Pasko başçılıq edirdi.
Linn Pasko danışıqların birinci mərhələsi başa çatdıqdan sonra bəyan etmişdir ki, bu məsələdə Vaşinqtonun və Ankaranın fikirləri üst-üstə düşür. Hər iki tərəf ekspertlərin hazırladıqları plan əsasında əlbir hərəkət edəcəkdir.
Türkiyə XİN-in bəyanatında isə deyilir ki, bu danışıqlar Şimali İraqın KİP-KADEK terrorçularından təmizlənməsi üçün iki ölkənin birgə fəaliyyəti yolunda irəliyə doğru atılmış ilk addımdır.
Birgə planın gerçəkləşdirilməsinin texniki məsələləri gələn həftə Ankarada nümayəndə heyətləri arasında davam etdiriləcək danışıqlarda müzakirə olunacaqdır.