CƏMİYYƏT
Abşeron rayonunda keçmiş məhkum avtomobil qaçırıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinə müraciət edən Masazır qəsəbə sakini V.Məmmədov sentyabrın 15-nə keçən gecə “VAZ-2107” markalı avtomobilinin qəsəbə ərazisindən qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat-axtarış tədbirləri nəticəsində nazirliyin “Təhlükəsiz Şəhər” Xidmətinin əməkdaşları avtomobilin oktyabrın 20-də saat 08:30-da Xətai rayonu ərazisində hərəkətdə olduğunu aşkarlayıblar.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.İbrahimov Abşeron Rayon Polis İdarəsinin və Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.