Abşeron rayonunda törədilmiş qətlin üstü açılıb
Bakı, 19 aprel, AZƏRTAC
Abşeron rayonunda törədilmiş qətlin üstü polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində açılıb.
Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, Tamara Rəsulovanın oğlu Əli Rəsulovun itkin düşməsini bildirərək tapılmasında kömək göstərilməsi ilə bağlı müraciəti əsasında aparılan araşdırma zamanı Ə.Rəsulovun qəsdən öldürülməsinə, eləcə də ona məxsus əmlakın dələduzluq yolu ilə ələ keçirilməsinə ehtimal etməyə kifayət qədər əsaslı şübhələr olduğundan Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb və istintaq aparılıb.
Aparılmış istintaqla Fuad Mustafayevin 2016-cı ilin sentyabrında Pirşağı qəsəbəsində icarəyə götürdüyü bağ evində Əli Rəsulovu ona məxsus əmlakı satıb pulunu ələ keçirmək üçün tamah niyyəti ilə bıçaqla xəsarətlər yetirib qəsdən öldürdüyünə, cinayəti gizlətmək məqsədilə meyiti hissələrə bölərək sellofan torbaya büküb basdırmasına, daha sonra Ə.Rəsulovun tək yaşadığı evində olan məişət əşyalarını satmasına, eləcə də evi hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Aprelin 17-də Fuad Mustafayev Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona həmin maddələrlə ittiham elan olunub.
Cinayət işi üzrə istintaq davam etdirilir.