CƏMİYYƏT
Abşeron rayonunda törədilmiş qətlin üstü “isti izlər”lə açılmışdır
Bakı, 16 avqust (AZƏRTAC). Respublikanın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin “isti izlər”lə açılması təmin edilmişdir.
Xəbər verildiyi kimi, avqustun 14-də saat 13 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsinin sakini Elmira Dadaşovanın yaşadığı Ə.Vahid küçəsi, 33 nömrəli evdə kəsici-deşici alətlə yetirilməyə xarakterik çoxsaylı xəsarətlərlə meyiti aşkar edilmişdir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, cinayətin açılması üçün təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, rayonun hüquq mühafizə orqanlarının birgə gördükləri tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş bu ağır cinayətin “isti izlər”lə açılması təmin edilmişdir.
Cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Abşeron rayonunun Hökməli qəsəbəsinin sakini, 1982-ci il təvəllüdlü Abbasov Əlaqif Arif oğlu saxlanılmışdır. O, törətdiyi cinayət əməlini etiraf edərək cinayətin aləti olan bıçağı istintaqa təqdim etmişdir.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.