REGİONLAR
Abşeron-Xızı regionu üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
![Abşeron-Xızı regionu üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib](/files/2022/3/1200x630/16629941222536744755_1200x630.jpeg)
Sumqayıt, 12 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sentyabrın 12-də Sumqayıtda Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Elm və Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron, Sumqayıt və Xızı üzrə təhsil işçiləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül tər güllər düzüb, xatirəsini ehtiramla anıblar.
İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin akt zalında keçirilən konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən sektor müdiri Anar Mirzəzadə ötən tədris ilində baş verən və yadda qalan mühüm struktur dəyişikliklərindən söz açıb. O, təhsilverənlərin sertifikatlaşdırılması prosesini xüsusi vurğulayib və statistik göstəriciləri diqqətə çatdırıb. Sektor müdiri Abşeron-Xızı regionu üzrə uğurlu təhsil ənənəsinin olduğunu vurğulayıb və yeni tədris ilində də bu ənənənin davam etdiriləcəyinə inandığını bildirib.
Tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva hesabat məruzəsi ilə çıxış edib. Natiq ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və həllini gözləyən məsələləri diqqətə çatdırıb.
Sonda konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və suallar cavablandırılıb.