AD GÜNÜN MÜBARƏK, İRPEN!
Xatırladaq ki, gözəl kurort şəhəri olan İrpendə akademik Zərifə Əliyevanın adına küçə və park var, Bakının Qaradağ rayonu ilə qardaşlaşmışdır.
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev bayram şənliklərində iştirak edirdi. İrpenə Rusiyanın Moskva vilayətindən və Belarusdan qardaşlaşmış şəhərlərin nümayəndə heyətləri də gəlmişdilər.
Şəhər dövlət icra hakimiyyətinin akt salonunda təntənəli yığıncaq keçirildi, İkinci Dünya müharibəsi illərində İrpenin müdafiəçilərinin və Taras Şevçenkonun abidələri önünə gül-çiçək dəstələri qoyuldu. Böyük Kobzarın bu abidəsi İrpendəki soydaşlarımızın vəsaiti hesabına ucaldılmışdır.
Səfir T.Əliyev və soydaşlarımız xalqımızın şanlı qızı Zərifə Əziz qızı Əliyevanın adını daşıyan parka gələrək, onun abidəsinin ucaldılacağı yerdə qoyulmuş xatirə daşının önünə gül-çiçək dəstələri düzdülər.
Azərbaycan diplomatı ümumşəhər mitinqində təbrik nitqi söylədi və Bakının Qaradağ rayonundan göndərilmiş xatirə hədiyyəsini şəhərin meri Vladimir Skarjinkiyə təqdim etdi.
Şənliklər bayram konserti və atəşfəşanlıqla başa çatdı.