CƏMİYYƏT
Adam öldürməyə cəhd etməkdə şübhəli bilinən Balakən rayon sakini saxlanılıb
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 18-də saat 20 radələrində Balakən rayonunun Yeni Şərif kəndində yaşayan M.Bağmanovun odlu silahla 4 nəfərə xəsarət yetirməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. M.Bağmanovun evində ov tüfəngindən açdığı atəşlə oğluna, qızına, azyaşlı nəvəsinə və orada qonaq olan qonşusuna xəsarət yetirdiyi müəyyən edilib. M.Bağmanovun oğlu və qızı xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Adam öldürməyə cəhd etməkdə şübhəli bilinən M.Bağmanov görülmüş tədbirlərlə saxlanılıb, ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.