ADAU-da bilik yarışı - “Zirvə” komandası qalib olub
Gəncə, 5 may, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Zoomühəndislik fakültəsi və Aqrar Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan intellektual yarış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışdan əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolundan və çoxşaxəli dövlətçilik fəaliyyətindən bəhs edib. O, Ulu Öndərin gənc nəslin formalaşmasında, vətənpərvərlik ruhunun aşılanmasında və milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynadığını vurğulayıb.
Sonra çıxış edən fakültə dekanının müavini Günel Əmiri intellektual yarışların tələbələrin analitik düşüncə tərzinin formalaşmasına, dünyagörüşünün genişlənməsinə və komanda ruhunun inkişafına mühüm töhfə verdiyini qeyd edib, iştirakçılara uğurlar arzulayıb.
Yarışda hər biri 4 nəfərdən ibarət komandalar üzrə ümumilikdə 24 tələbə iştirak edib. Üç mərhələdən ibarət bilik yarışının yekun nəticələrinə əsasən “Zirvə” komandası I yerə layiq görülüb. Qalib komanda sertifikat və kubokla mükafatlandırılıb.
Müxbir - Elcan Məmmədov