ADAU-da Dövlət Suverenliyi Günü qeyd olunub
Gəncə, 19 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsində 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə “Suverenlik - Milli iradəmizin zəfəri” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Mühəndislik fakültəsinin dekanı Təvəkkül İslamov Dövlət Suverenliyi Gününün təsis edilməsinin Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət kəsb edən bir hadisə olduğunu bildirib.
İctimai fənlər kafedrasının müdiri dosent Elgün Aslanov vurğulayıb ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan tənəzzüldən rifaha doğru inkişaf edib. Bu gün ölkəmiz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin dəmir iradəsi ilə özünün ən qüdrətli dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizin suverenliyini bərpa edib və dövlətimizin təməlini daha da möhkəmləndirib.
Sonra Əsaslı kitabxananın direktoru Kamil Məmişov, İctimai fənlər kafedrasının dosentləri Samirə Qasımova, Sevda Abdullayeva, professor Siyasət Məmmədov çıxış edərək, qazanılan şanlı Zəfər nəticəsində Azərbaycanın Dövlət Bayrağının ölkəmizin bütün ərazisində dalğalanmasından, uğurlu lokal antiterror tədbirlərindən və suverenliyimizin tam şəkildə bərpa edilməsindən söz açıblar.