ELM VƏ TƏHSİL
ADNSU-da startap məktəbi yaradılıb
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) startap məktəbinin açılışı olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində universitetin rektoru Mustafa Babanlı rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti və yeni yaradılan startap məktəbinin məqsədi barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev startap məktəbinin uğurla fəaliyyət göstərəcəyinə əminliyini bildirib.
Ukrayna Milli Texniki Universitetinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları və Təhsil İnstitutunun direktoru İnna Maryukova Kiyevdə yaradılan startap məktəbinin təcrübəsindən danışıb.
İsraildən olan startap təlimçisi İqor Peer startap layihələrinin əhəmiyyətini qeyd edib.
Bildirilib ki, startap məktəbinin əsas məqsədi yaradıcı gənclərin ideyalarını layihələşdirib kommersiya məqsədli biznes strukturuna çevirməkdir. Məktəbin ilk mərhələsi martadək davam edəcək. İkinci mərhələdə isə konkret layihələr üzrə iş aparılacaq. Yayda keçiriləcək festivalda ən yaxşı layihələr seçiləcək, onlara sərmayə qoyulmaqla biznes inkubasiyası dövründə inkişaf etdiriləcək. Layihələrdə nəzərdə tutulan son məhsullar, prototiplər və s. hazırlanacaq və onların kütləvi istehsalına başlanılacaq. Beləliklə, tələbə və məzunlar ideyalarını reallaşdırmaq və layihələri ətrafında biznes strukturu yaratmaq imkanı əldə edəcəklər. Tədris Azərbaycan, İsrail və Ukraynadan olan mütəxəssislər tərəfindən aparılacaq. Startap məktəbində iştirak üçün təhsil haqqı tələb olunmur. Digər ali məktəblərin tələbələri və ya tələbə olmayan şəxslər də startap məktəbinə yazıla bilərlər.