Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
Berlin, 8 iyun, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Yaxın Şərqdə dəniz nəqliyyatının təhdid altında qalması ilə əlaqədar İrana qarşı yeni sanksiya tətbiq edib.
AZƏRTAC xəbər verir ki, sanksiya iki fiziki şəxs və bir qurumu əhatə edir.
Sanksiyalar siyahısına artıq Aİ tərəfindən qara siyahıya salınmış İslam İnqilabının Keşikçiləri Korpusunun (Sepah) Hərbi Dəniz Qüvvələrinin Hörmüzqan əyalət komandanlığı daxil edilib. Aİ-nin məlumatında bildirilir ki, bu qurum Hörmüz boğazı üzərində nəzarəti həyata keçirərək, gəmilərdən şəxsiyyəti müəyyənləşdirən sənədlər, yük və təyinat məntəqəsi barədə məlumatlar tələb edir. Bu məlumatlar əsasında boğazdan keçidə icazə verilməsi, bəzi hallarda isə rüsum ödənilməsi şərti müəyyənləşdirilir.
Aİ-nin sanksiya siyahısına daxil etdiyi iki fiziki şəxsdən biri Sepah Hərbi Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə komandir müavini və qurumun sözçüsü Məhəmməd Əkbərzadədir. Aİ-nin dəyərləndirməsinə görə, o, Hörmüz boğazından keçən gəmilərə qarşı raket və ya pilotsuz uçuş aparatlarından istifadə ilə bağlı təhdidlər səsləndirib.
Digər şəxs - Həmid Hüseyninin isə İranın Neft, Qaz və Neft-Kimya Məhsulları İxracatçıları Birliyinin nümayəndəsi və İran Ticarət Palatasının üzvü kimi təhlükəsiz keçid üçün İran hakimiyyət orqanlarına məlumatların təqdim olunması, yoxlamadan keçirilməsi və tranzit rüsumlarının ödənilməsi siyasətini təşviq etdiyi bildirilir.
Son qərarla bu sanksiya mexanizmi çərçivəsində məhdudiyyətlər tətbiq olunan fiziki şəxslərin sayı 26-ya, qurumların sayı isə 27-yə çatıb. Siyahıya daxil edilənlər üçün aktivlərin dondurulması, onlara birbaşa və ya dolayısı ilə maliyyə və iqtisadi resursların təqdim edilməsinin qadağan olunması, həmçinin fiziki şəxslərə münasibətdə Aİ ərazisinə giriş qadağası nəzərdə tutulur.