ELM VƏ TƏHSİL
ADU-da “Azərbaycan toyu” mövzusunda tədbir keçirilmişdir
Bakı, 26 dekabr (AZƏRTAC). Dekabrın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) İndoneziya Araşdırmalar Mərkəzində “Azərbaycan toy”u mövzusunda tədbir keçirilmişdir.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, məqsəd adət-ənənələrimizin fərqliliyini, gözəlliyini, musiqi mədəniyyətimizi, toy-nişan adətlərimizi, milli rəqslərimizi, geyimlərimizi nümayiş etdirməkdir.
Tədbirdə Azərbaycanın milli toy adətlərini əks edən səhnəciklər göstərilmişdir. Universitetin regionşunaslıq və beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşunaslıq ixtisası üzrə təhsil alan tələbələri qonaqları nişan, xınayaxdı, xonçagətirmə mərasimləri ilə tanış etmişlər.
İndoneziyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Aqus Trimartono tələbələrin İndoneziya dilinə yiyələnmələrindən razılığını ifadə etmiş, Azərbaycan adət-ənənələri ilə tanışlığa görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Səfirliyin nümayəndələri ADU-nun İndoneziya Araşdırmalar Mərkəzinə hədiyyə və kitablar təqdim etmişlər.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetində İndoneziya Araşdırmalar Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir.