Ağ xalatın cazibə qüvvəsi
Bakı, 27 aprel, AZƏRTAC
O, ötən əsrin 60-cı illərdə görmə üzvünün peşə xəstəlikləri problemi üzrə geniş elmi axtarışlara başlayıb. O vaxtadək sənaye zərərlərinin görmə orqanına toksik təsirinin öyrənilməsinə bir sıra elmi əsərlər həsr edilsə, inkişaf etmiş ölkələrdə şin və yod istehsalı yüksək səviyyədə olsa da, bu sahələrdə istehsal tullantılarının görmə orqanına toksik təsiri demək olar ki, çox az öyrənilmişdi. Ona görə də oftalmoloq-alimin elmi tədqiqatlarının əsas istiqamətlərindən biri də yod və şin sənayesinin zərərli təsirlərindən gözün zədələnməsinin öyrənilməsi olub. Dünya ədəbiyyatında həmin fundamental tədqiqatın analoqu yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Klinikada akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş tədbirdə danışılıb.
Klinikanın baş direktoru, Əməkdar Həkim İxtiyar Sultanov görkəmli oftalmoloqun elmi axtarışlarının əsas mövzusu olan Azərbaycanın kimya sənayesinin bəzi sahələrində çalışan fəhlələrin görmə orqanının vəziyyətini tədqiqi barədə tədqiqatlarından danışaraq bildirib ki, həmin tədqiqatların yekunu kimi Zərifə Əliyeva 1976-cı ildə “Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Oftalmoloq Arzu Eyvazova və epidemoloq Yaqut Qarayeva görkəmli dövlət xadimi və böyük səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanımın həkimlik etikası, nəcib və xeyirxah peşəsi ilə insanlara kömək etmək, gözlərə işıq bəxş etmək kimi missiyanı ləyaqətlə daşıması barədə söhbət açıb, onun gözün peşə patologiyasına həsr olunmuş “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası şəraitində gözün patologiyası”, “Yod istehsalında gözün peşə xəstəliklərinin profilaktikası”, “Görmə üzvünün peşə xəstəlikləri” adlı monoqrafiyalarına və digər əsərlərinin elmi əhəmiyyəti və həmin əsərlərin dünyanın görkəmli alimləri arasında layiqli yer tutması barədə danışıblar. Çıxış edənlər Zərifə Əliyevanın layiqli ömür-gün yoldaşı, qayğıkeş ana, hamıya can yandıran xeyirxah bir insan kimi yüksək keyfiyyətlərindən də bəhs ediblər.
Xatirə tədbirinin sonunda Zərifə Əliyevaya həsr olunmuş sənədli film nümayiş olunub.