Ağcabədidə avtomobil təmiri sexlərindən oğurluq edən şəxs saxlanılıb
Ağcabədi, 15 fevral, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki avtomobil təmiri sexlərindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini, əvvəllər məhkum edilmiş Ruslan İsmayılov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün şöbəyə gətirilib. Üzərində aparılan baxış zamanı marixuana aşkar edilərək götürülüb. R.İsmayılovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun rayon ərazisində yerləşən avtomobil təmir sexlərindən oğurluq etməkdə şübhəli bilindiyi də müəyyən edilib. Araşdırmalarla onun qaynaq aparatı və avtomobil ehtiyat hissələri oğurlamaqla zərərçəkmişlərə 1500 manat miqdarında ziyan vurduğu məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.