REGİONLAR
Ağcabədidə imkansız ailələrə bayram sovqatı paylanıb
![](/files/galleryphoto/2017/3/1200x630/15043315491848555794_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15043315495731350507_1200x630.jpg)
Ağcabədi, 2 sentyabr, AZƏRTAC
İslam dünyasının ən əziz bayramlarından olan Qurban bayramı hər il Ağcabədidə də geniş qeyd olunur. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən qurbanlar kəsilir, Ağcabədi şəhərində, rayonun qəsəbə və kəndlərində yaşayan imkansız ailələrə paylanır.
AZƏRTAC xəbər verir ki, Ağcabədi şəhər 11 nömrəli orta məktəbin həyətində Qurban bayramı münasibətilə keçirilən ümumrayon tədbirində çıxış edənlər iştirakçıları bayram münasibətilə təbrik edib, onlara əmin-amanlıq, cansağlığı və süfrələrinə ruzi-bərəkət arzulayıblar. Bildirilib ki, Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir, hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunan bu bayram özü ilə saflıq, təmizlik gətirir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qurban bayramı dövlət səviyyəsində qeyd edilir. İslamda qurbanlıq ayini xüsusi əhəmiyyət kəsb edir. Onun ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq ifadəsinə və təcəssümünə çevrilir.
Mərasimdə bayramın fəzilətlərindən danışılıb, dualar oxunub.
Bayram münasibətilə 3 iribuynuzlu mal, 180 qoyun kəsilib, 5 tondan artıq ət rayondakı hərbi hissələrə, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə, tənha və kimsəsizlərə, fiziki qüsurlu uşaqlara, Qarabağ və Böyük Vətən müharibələri əlillərinə, şəhid ailələrinə göndərilib.