ELM VƏ TƏHSİL
Ağdam rayon təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir
Ağdam, 12 sentyabr (AZƏRTAC). Ağdam rayonunun Quzanlı qəsəbəsində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova ötən dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə etmiş, təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan bəhs etmişdir. Bildirmişdir ki, ötən dərs ilində rayonda 142 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərmiş, 18 min 860 şagirdin təlim-tərbiyəsi ilə 3 min 795 müəllim məşğul olmuşdur. 2012-ci ildə rayonun 32 nömrəli tam orta məktəbinin müəllimi Aynur Zülfüqarova “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur. Son illərdə rayon müəllimlərindən 8 nəfəri “Əməkdar müəllim” adını almış, 7 müəllim “Tərəqqi” medalına layiq görülmüş, 6 müəllim isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
2012-ci ildə ümumtəhsil məktəblərini bitirmiş 849 məzundan 516 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 219 nəfəri ali məktəblərə, 60 nəfəri orta ixtisas məktəblərinə daxil olmuşdur. Məzunlardan 14 nəfəri 500-dən, 6 nəfəri isə 600-dən çox bal toplamışdır.
Qeyd edilmişdir ki, 2012-ci ildə Səfərli kənd tam orta məktəbi üçün 180, Şəki rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə köçkün tam orta məktəbi üçün 360 yerlik binalar istifadəyə verilmişdir. Alıbəyli, Qaradağlı, Çəmənli və Hacıturallı kənd tam orta məktəblərinin binaları əsaslı təmir edilmişdir. Amerikanın “Kont-Port” humanitar təşkilatı tərəfindən rayonun 146 nömrəli köçkün tam orta məktəbi və Kiçikli kənd ümumi orta məktəbləri üçün əlavə 3 sinif otağı tikilmişdir.
Konfransda rayon icra hakimiyyətinin başçısı, Təhsil Nazirliyinin nümayəndəsi və başqaları çıxış edərək təhsilə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən və aparılan islahatlardan danışmış, pedaqoji kollektivin qarşısında duran vəzifələrdən bəhs etmişlər.
Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Tədbir rayonun girişində Soltanbud təpəsinin ətəyində yeni inşa edilmiş “Qala” parkında davam etdirilmişdir. Ali məktəblərə yüksək balla qəbul olmuş məzunlara hədiyyələr təqdim olunmuşdur. Sonra rayonun incəsənət kollektivinin ifasında konsert proqramı təqdim olunmuşdur.