Ağdaş məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində cənub rayonlarına yola salınıb VİDEO
Ağdaş, 15 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində martın 15-də Ağdaş rayonundan olan 40 şagird Lənkəran-Masallı-Astara marşrutu üzrə yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti və təhsil şöbəsi işçilərinin, valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimində əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Mərasimdə Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova çıxış edərək Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində, onların Vətənimizin tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.
Valideyn Hicran Əliyeva şagirdlərin dünyagörüşünün artmasında, onların azərbaycançılıq ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edən bu tur-aksiyanın təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq edib.
Ekskursiya qrupunun üzvü, rayonun Ağzıbir kənd tam orta məktəbinin XI sinif şagirdi Aytac Hüseynova bu maarifləndirici tur-aksiyanın son dərəcə maraqlı və yaddaqalan olacağına ümid etdiklərini bildirib. O, məktəblilərin rayonlarımızın necə inkişaf etməsinin, gözəlləşməsinin şahidi olacaqlarını deyib.
Sonra tur-aksiya iştirakçıları Lənkəran şəhərinə yola düşüblər. Məktəbliləri rayon icra hakimiyyətinin nümayəndəsi, dörd nəzarətçi müəllim və həkim müşayiət edir.