Ağstafa məktəblisi: Vətənimizi yaxından tanıdıqca, ona daha çox bağlanırıq
Zaqatala, 28 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyasına Ağstafa rayonundan qatılmışam. Ekskursiyamız olduqca maraqlı keçir. Qədim Şəkinin, Qəbələnin tarixi məkanları və görməli yerləri ilə tanışlıq bizdə çox zəngin təəssürat yaradıb. Bu gün isə “Qızılgüllər diyarı” kimi tanınan Zaqatala şəhəri ilə tanış olduq. Mən burada olduğumuz yerlər haqqında əvvəllər kitablardan, televiziya ekranlarından müəyyən məlumatlar əldə etmişdim. İndi isə bütün bunları əyani şəkildə gördükdən sonra təsəvvürüm, məlumatım daha da artdı. Vətənimizi yaxından tanıdıqca, ona daha çox bağlanırıq.
Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Ağstafa şəhər 2 saylı tam orta məktəbin şagirdi Nigar Həsənova Zaqatalada AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Tur-aksiyaların məktəblilərin hərtərəfli inkişafına, dünyagörüşlərinin zənginləşməsinə müsbət təsir göstərdiyini vurğulayan Ağstafa məktəblisi deyib: “Bu tur-aksiya sayəsində Azərbaycanın şimal-qərb bölgəsinin qədim tarixi məkanları, təbiət gözəllikləri ilə yaxından tanış olmaq imkanı qazandıq. Ölkəmiz haqqında biliklərimiz daha da artdı. Layihənin təşkilatçılarına minnətdarlığımızı bildirir və tur-aksiyaların davamlı olmasını arzulayırıq”.