İQTİSADİYYAT
Ağstafa Rayon Statistika İdarəsinin yeni binası istifadəyə verilmişdir
Ağstafa, 25 dekabr (AZƏRTAC). Ağstafa Rayon Statistika İdarəsinin yeni inzibati binasının açılış mərasimi olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək ölkəmizin sürətli iqtisadi inkişafından danışmışdır. Bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli inkişaf strategiyası hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Respublikanın paytaxtı ilə yanaşı, regionlar da günbəgün inkişaf edir, əhalinin sosial rifahı yaxşılaşır. Respublikamızda dövlətçilik ənənələri möhkəmlənir, büdcə artımı insanların sosial rifahının yüksəlməsinə xidmət edir. Bu artımdan ağstafalılar da bəhrələnir. Belə ki, şəhərin su və kanalizasiya sistemi, Ağstafa-Sadıxlı-Böyük Kəsik avtomobil yolu yenidən qurulur, Heydər Əliyev və Səməd Vurğun parklarında yenidənqurma işləri aparılır.
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bütün sahələrdə olduğu kimi, statistika sahəsində də uğurlu nailiyyətlərin qazanıldığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Prezident İlham Əliyevin səriştəli rəhbərliyi nəticəsində son səkkiz ildə respublikanın iqtisadi potensialı 3 dəfə, əhalinin gəlirləri 5, banklardakı əmanətləri 15 dəfə artmışdır və sürətli inkişaf Azərbaycanı regionun lider dövlətinə çevirmişdir.
Çıxış edən rayon sakinləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar bina ilə tanış olmuşlar.
İkimərtəbəli, 10 otaqlı binanın birinci mərtəbəsində “Dövlətçilik” guşəsi, “Müstəqilliyimiz tarixi nailiyyətimizdir” kitab sərgisi, ikinci mərtəbəsində isə “Müstəqil Azərbaycan - 20” foto və “Statistik nəşrlər” kitab sərgiləri təşkil olunmuşdu.