REGİONLAR
Ağsuda bayram təntənəsi yaşanıb
Ağsu, 30 dekabr, AZƏRTAC
Ağsu şəhərinin mərkəzindəki Heydər parkında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında parka gələn rayon rəhbərləri, idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə güllər düzüblər.
Bayramsayağı bəzədilən parkda, açıq havada keçirilən bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev iştirakçıları təbrik edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyanın bütün qitələrində yaşayan azərbaycanlıları - soydaşlarımızı birləşdirən, həmrəy, həmfikir edən, onları Vətənimizin bütövlüyü, daha da çiçəklənməsi üçün birgə fəaliyyətə çağıran tarixi bir gün olduğunu vurğulayıb.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılarda milli ruhun yüksəlməsi ilə əlaqədar səmərəli və ardıcıl fəaliyyəti ilə, milli-mənəvi dəyərlərimizin təbliğinə və qorunmasına əlverişli şərait yaratmaqla dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb.
Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib. Yolka ətrafında uşaq bağçalarının fidanları və məktəblilər şənlik edib, Şaxta baba və Qar qız şənliyə xoş əhval-ruhiyyə qatıb. Uşaqların əl işlərindən ibarət sərgi, musiqi məktəbi şagirdlərinin, o cümlədən nağaraçılar qrupunun çıxışları şənliyə qatılanlar tərəfindən maraqla qarşılanıb.