Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Saatlıda vətəndaşları qəbul edib
Saatlı, 4 may, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mayın 4-də Saatlıda vətəndaşları qəbul edib.
Neftçala, Biləsuvar, Cəbrayıl, Şirvan, Sabirabad, Salyan, Hacıqabul və Saatlı sakinlərinin iştirak etdikləri qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxılıb.
Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Komitənin sədri Hicran Hüseynova ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayon nümayəndələrinə məlumat verib. Eyni zamanda, Saatlı rayonunda baş verən erkən nikah halları, sakinlərin məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular ətrafında müzakirələr aparılıb və hər bir vətəndaşın sualları fərdi qaydada cavablarla təmin edilib, müraciətləri qeydə alınıb.
Qəbulda vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.
Sonra Komitə sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb. Onların müraciəti dinlənilib və təklifləri nəzərə alınıb.