MƏDƏNİYYƏT
“AITF-2010” IX AZƏRBAYCAN BEYNƏLXALQ TURİZM VƏ SƏYAHƏTLƏR SƏRGİSİNDƏ YERLİ VƏ XARİCİ ŞİRKƏTLƏRİN İŞTİRAKI AZƏRBAYCANIN TURİZM BAZARINA BÖYÜK MARAĞIN GÖSTƏRİCİSİDİR
Bakı, 29 aprel (AZƏRTAC). Azərbaycan turizmi dayanıqlı və davamlı inkişaf yolundadır. Artıq 8 ildir ki, Azərbaycanda təşkil olunan Beynəlxalq turizm və səyahətlər sərgisi respublikamızın bu sahədəki inkişafının bariz nümunəsidir. Azərbaycanda turizmin inkişafı dövlətimizin başçısının daim diqqət mərkəzindədir.
“Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində ölkədə turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaratmışdır.
Bu sözləri “Aitf-2010” IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində iştirak edən Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbramxəlilov demişdir.
D.İbramxəlilov vurğulamışdır ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş növbəti “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ölkə iqtisadiyyatının sürətli inkişafında turizmin payının daha da artmasına gətirib çıxaracaqdır. Azərbaycanda turizm sektorunun dayanıqlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədi ilə təsdiq edilmiş növbəti proqram da bu sahə ilə məşğul olan qurumlar qarşısında ciddi tələblər qoyur və yeni inkişaf meydanları açır. Proqram Azərbaycan turizminin ölkə iqtisadiyyatının aparıcı, inkişafda olan bir sahəsinə çevrilməsinə təkan verəcəkdir.
Şöbə müdirinin sözlərinə görə, ötən illərdən fərqli olaraq bu il sərgidə iştirak edən ölkələrin və şirkətlərin sayının artması Bakıda hər il keçirilən Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin əhəmiyyətindən xəbər verir. Bu, Azərbaycanın turizm bazarına böyük marağın göstəricisidir.
Ənənəvi sərginin yüksək səviyyədə təşkil olunduğunu deyən D.İbramxəlilov vurğulamışdır ki, “Aitf-2010” IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ölkəmizin malik olduğu iqtisadi qüdrəti və turizm potensialını nümayiş etdirmək, bu sahədə əməkdaşlıq yaratmaq, o cümlədən xarici tərəfdaşlarla səmərəli əlaqələr qurmaq baxımından mühüm hadisədir.