Azərbaycan və Türkiyənin Gürcüstanda fəaliyyət göstərən iş adamları əməkdaşlıq məsələlərini müzakirə ediblər
Tbilisi, 4 iyun, AZƏRTAC
İyunun 4-də Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) və Gürcüstanda Türk İş Adamları Dərnəyi (GÜRTİAD) arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən görüşdə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan və Türkiyənin iş adamları, şirkət və müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri diqqət mərkəzində olub.
AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov Oktay Öztürkü GÜRTİAD-ın sədri seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Oktay Öztürkün GÜRTİAD-a rəhbərliyi dövründə iki qurum arasında əlaqələrin daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub. N.Qurbanov rəhbərlik etdiyi qurumun fəaliyyəti və Gürcüstanda gördüyü işlər, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, AZEBİ ilə GÜRTİAD arasındakı əməkdaşlıq, iki qurum arasında imzalanmış memorandum əsasən inkişaf edir və genişlənir.
Ölkəmizin Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Samir Əbdürəhimov çıxışında Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı dostluq əlaqələrindən danışıb, üçtərəfli əlaqələrin inkişafında iş adamlarının rolunu qeyd edib.
Oktay Öztürk bildirib ki, GÜRTİAD rəhbəri olaraq AZEBİ ilə əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcək.
Görüşdə iki qurum arasında birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi-0