Aleksey Kim: Azərbaycan resurslara əsaslanan iqtisadiyyatdan innovasiyayönümlü modelə keçidi uğurla həyata keçirir
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan resurslarla zəngin ölkədən daha şaxələndirilmiş, bilik və innovasiyalara əsaslanan iqtisadiyyata keçidi uğurla həyata keçirir. Azərbaycan son illər ərzində dərin iqtisadi və institusional transformasiya yolu keçərək bir çox ölkələr üçün nümunə formalaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu fikri PMI şirkətinin MDB ölkələri üzrə Xarici əlaqələr direktoru Aleksey Kim “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkə dəyişikliklərə və yeniliklərə açıq olduğunu konkret addımlarla nümayiş etdirib.
A.Kim qeyd edib ki, Azərbaycanın inkişafında təbii resurslar mühüm rol oynasa da, hazırda innovasiya, texnologiya və insan kapitalı iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrinə çevrilir.
“Ölkə rəhbərliyi qabaqcıl texnologiyaların yalnız enerji sektorunda deyil, səhiyyə, infrastruktur və təmiz enerji kimi sahələrdə də inkişafın əsas aləti olduğunu vaxtında qiymətləndirib. Ölkədə investisiyaların təşviqinə xidmət edən hüquqi və institusional çərçivə formalaşdırılıb. Dövlət-özəl tərəfdaşlığı və texniki tənzimləmə sahəsində qəbul edilmiş qanunvericilik aktları biznes mühiti üçün şəffaf və proqnozlaşdırılan şərait yaradıb”, – deyə o vurğulayıb.
Müxbir - Pərvanə Qafarova