Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
Buxarest, 11 iyun, AZƏRTAC
Rumıniya Senatının Mədəniyyət və Media Komissiyasının sədri senator Qeorqe Bota Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanovla görüşüb.
Rumıniya Senatının yaydığı məlumata görə, görüşdə mədəniyyət, təhsil, irs və media sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər Azərbaycan ilə Rumıniya arasında mövcud dostluq münasibətlərinin mədəni və humanitar sahələrdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüş zamanı iki ölkənin mədəniyyət və təhsil qurumları arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, birgə layihələrin həyata keçirilməsi və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Senator Qeorqe Bota səfir Qüdsi Osmanovu Rumıniyanın Bihor bölgəsinə səfərə dəvət edib. Bildirilib ki, belə bir səfər bölgənin zəngin mədəni irsi və ənənələrinin təqdim olunmasına, eləcə də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə töhfə verə bilər.
Tərəflər, həmçinin Rumıniya Televiziyası ilə Azərbaycanın media qurumları arasında əməkdaşlıq perspektivlərini, birgə layihələrin həyata keçirilməsi və peşəkar təcrübə mübadiləsinin təşviqi məsələlərini müzakirə ediblər.
Görüşün sonunda mədəniyyət, təhsil və media sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində dialoqun davam etdirilməsi və yeni təşəbbüslərin dəstəklənməsi barədə razılıq ifadə olunub.