“Yüksəliş”in İşçi Qrupu Londonda beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir
Bakı, 11 iyun, AZƏRTAC
"Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun üzvləri iyunun 8-10-da Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “e-Assessment Association” təşkilatının illik konfransında iştirak ediblər.
İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, beynəlxalq qiymətləndirmə sahəsində aparıcı qurumları, ekspertləri və texnologiya şirkətlərini bir araya gətirən bu konfrans innovasiya, şəffaflıq və effektivliyi təşviq edən qabaqcıl yanaşmaların müzakirə olunduğu nüfuzlu platformalardan biridir.
Konfrans çərçivəsində "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun üzvləri müxtəlif sessiyalarda iştirak edərək qiymətləndirmə proseslərində şəffaflıq və etimadın gücləndirilməsi, eləcə də süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı beynəlxalq təcrübəni yaxından izləyiblər.
Müzakirələr zamanı vurğulanıb ki, müasir qiymətləndirmə modellərində texnologiya artıq yalnız dəstək aləti deyil, eyni zamanda, qərarvermə prosesinin ayrılmaz hissəsinə çevrilməkdədir. Bu yanaşma qiymətləndirmə sistemlərində obyektivliyin və effektivliyin artırılması baxımından yeni imkanlar yaradır.
Konfrans çərçivəsində əldə olunan təcrübə "Yüksəliş" müsabiqəsində tətbiq olunan qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi 2025-ci ildə “e-Assessment Association” tərəfindən təşkil olunan “e-Assessment Awards” müsabiqəsində “Ən yaxşı transformasiya layihəsi” (Best Transformation Project) kateqoriyası üzrə finalçı olub. Bu uğur müsabiqə çərçivəsində tətbiq olunan qiymətləndirmə modelinin beynəlxalq standartlara uyğunluğunu və innovativ yanaşmaların effektivliyini bir daha nümayiş etdirir.
"Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun beynəlxalq platformalarda davamlı iştirakı qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi ilə yanaşı, Azərbaycanın insan kapitalının inkişafına yönəlmiş təşəbbüslərin qlobal müstəvidə tanıdılmasına da töhfə verir.